Əsas məzmuna keç

Qoşma

Düşüb

Zəlimxan Yaqub

1

Ölüm yatağında bir qarı gördüm, Solmuş bir çiçəkdi, budaqdan düşüb. Boylanmaq istəyir, göz aça bilmir, Ağrılar canına sazaqdan düşüb.

Təsəlli ləngitmir, dayaq saxlamır, Gedirsən mənzilə, ayaq saxlamır. Nişan üzüyünü barmaq saxlamır, Gəlinlik sırğası qulaqdan düşüb.

Toxunmur xalısı, daranmır yunu, Görünür gözünə dünyanın sonu. Qalıb urvalığı, qurtarıb unu, Asılmır, qazanı ocaqdan düşüb.

Kəmər kənardadı, beldən ayrılıb, Daraq toz içində, teldən ayrılıb, Ən gözəl söhbəti dildən ayrılıb, Ən şirin nəğməsi dodaqdan düşüb.

Yağıb saçlarına qar dənə-dənə, Bələnib dumana, bürünüb çənə, Qışın pəncəsində çırpınır nənə, Baharın qədəmi uzaqdan düşüb.

Dağ aşır, düz keçir ömrün yolları, Əyilir sabahdan axşama sarı, Ömrün səfərini bitirir qarı, Güzarı yenə də torpaqdan düşüb!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.