Düşdü
Axıtdın sevincin selində məni, Qəlbim gözündəki axına düşdü. Yerişin, duruşun yatdı könlümə, Gözlərim o boya-buxuna düşdü.
Şirin həyatımın şəkəri, qəndi, Şeirimin ən gözəl misrası, bəndi. Qəlbim səni sevdi, səni bəyəndi, Nə olsun, iştahım çoxuna düşdü.
Çıxdı genişliyə uşaq yollarım, Gül açdı, olmadı sazaq yollarım. Sənsiz dağlar aşan uzaq yollarım, Sənə qovuşanda yaxına düşdü.
1973, 2 sentyabr