Əsas məzmuna keç

Qoşma

Düşdü

Aşıq Ələsgər

1

Sevdiciyim, hanı gözəllər xanı? Güzarımız sizin otağa düşdü. Buyursan fərmanı, alarlar canı, Püşk atdıq, can sana sadağa düşdü.

Sallan qələm qaşdı, yanı yoldaşdı, Qalmışam ataşdı, mən başı daşdı, Huş başımdan çaşdı, dilim dolaşdı, Gözlərim sataşdı, buxağa düşdü.

Ətlazdan qəbalı, belində şalı, Gövhərdən bahalı üzündə xalı, Geydi yaşıl-alı, yaxdı mahalı, Əyri tellər ayna qabağa düşdü.

Yeriyirdi sana yaşılbaş sona, Yaraşır canana ağ nazik cuna, Tellərində şana, əlində xına, Yəmən, yaqut əhmər dodağa düşdü.

Çox çəkmişəm cəfa, gəl bir insafa, And olsun müshafa, olmam bivəfa, Gəlmişəm təvafa, verəsən şəfa, Ələsgər xəstədi, ocağa düşdü.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.