Əsas məzmuna keç

Qoşma

Durubdur

Məxdumqulu Fəraqi

1

Bir çürük qoz ilə cahan cövhərin Ol nə qumarbazdır ütüb durubdur. Çürük saman etmiş məta bazarın, Gövhərə bərabər satıb durubdur.

Nə döşəkdir, ona basan yarımaz, Nə gəmidir, suya batmış, yürüməz, Nə anadır, ölməz, itməz, qarımaz, Öz balasın özü udub durubdur.

Nə çıraqdır, gözsüzlərin yarıdır, Nə güzgüdür, bu aynadan arıdır, Nə saqidir, piyaləsin yürüdür, Bir əli boğazdan tutub durubdur.

Nə məxluqdur, nə erkəkdir, nə dişi, Bir gözü dümağdır, bir gözü çaşı, Rəngi qara, ala, on iki başı, Yeri-göyü birdən tutub durubdur.

Başı varıb çıxmış ərşin üstünə, Ayağı enmişdir yerin altına, Canlı, cansız, hər nə gəlsə dəstinə, Durmadan ağzına atıb durubdur.

Dostum, həvəs etmə qəhbə əyalı, Aldadar, çox-çoxdur onun xəyalı, Bu dünya bir kor siçanın misalı, Kökləri birbəbir kərtib durubdur.

Dostlar, bir misaldır dilimə gələn, Zehni olsa, bilər ağılı olan: Cahan üzün tutmuş bir qüdrət ilan, Quyruğu başından ötüb durubdur.

Məxdumqulu, məğrur olma bu sözə, Heç böylə canavar dəyməmiş gözə, Yenə bir qüdrət var, yeddi kəlpəzə, Ol böyük ilanı udub durubdur.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.