Durnalara sözüm
Gedən durnam, Vidadiyə xəbər ver, Nə durmusan, Hüseyn Arif öldü de! Tamaşaya Bakı – Qazax yeridi, Vaqif özü Qarabağdan gəldi, de!
Gözüm görər duman-çənin içində, Canmı dözər ahın-ünün içində. Zöhrə, Səhər bircə günün içində, Çiçək kimi saraldı de, soldu de!
Bu itkidən donasıydı Məleykə, Bu həsrətə yanasıydı Məleykə. Arifimin anasıydı Məleykə, Dözəmmədi, saçlarını yoldu de!
Əl-ayaqlı sevinc itdi, yox oldu, Şair qəlbi qəm sarıdan tox oldu. Arif dərdi pası getməz ox oldu, Neçə-neçə sinələri dəldi de!
Siləmmədik bu həsrətin pasını, El itirdi şairlərin xasını. Dilqəm tutdu nəğməkarın yasını, Aşıq Alı bu möhnəti bildi de!
Ayrı saldı ocağından, pirindən, Vaxtsız ölüm dağ oynatdı yerindən. Səməd Vurğun köks ötürdü dərindən, Ala gözlər bulud kimi doldu de!
Gedən durna, bir pay endir lələkdən, Şikayəti yazım qanlı fələkdən. Şair ömrü tez ələndi ələkdən, Güləndə də dərd içində güldü de!
Nə bəd xəbər gətirdiniz desələr, Nə ağır yük gətirdiniz desələr, Niyə vaxtsız itirdiniz desələr, Bu da belə bir iş idi, oldu de!
Zaman tez-tez İsgəndərlə öc oldu, Dərd çoxaldı, Zal qızına güc oldu. Qaçaq Kərəm desə şair necoldu? Son ayrılıq onu bizdən aldı de!
Aşıq Mirzə gəlsin qəbrin üstünə, Saz götürsün, qələm alsın dəstinə. Növbə çatdı aşıqların dostuna, Ayrılığın havasını çaldı de!
Kimlər gəldi, kimlər getdi, göz yetir, Gedəmməsən küləklərdən yaz yetir. Bu xəbəri Təbrizimə tez yetir, Qoşqar, Kəpəz xəyallara daldı de!
Daha gəzmə dağ-aranda Hüseyni, Nə bürküdə, nə boranda Hüseyni. Xaloğlu da axtaranda Hüseyni, Şair ömrü yarıyolda qaldı de!
Ruhdan-ruha, candan-cana calandı, Səsdən-səsə, süddən qana calandı. Neçə-neçə Zəlimxana calandı, Öz ömrünü ömürlərə böldü de!