Durnalar
Bir zaman havada qanad saxlayın, Sözüm vardır mənim sizə, durnalar! Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar!
Sizə müştaq durur Bağdad elləri, Gözləyə-gözləyə qalıb yolları, Asta qanad çalın, qafil telləri Heyifdir, salarsız düzə, durnalar!
Xeyli vaxtdır yarın fərağındayam, Pərvanə tək hüsnün çırağındayam, Bir ala gözlünün sorağındayam, Görünürmü, görün, gözə, durnalar!
Mən sevmişəm ala gözün sürməsin, Bədnəzər kəsibən, ziyan verməsin, Saqın gəzin, laçın gözü görməsin, Qorxuram səfnizi poza, durnalar!
Nazənin-nazənin edərsiz avaz, Ruhlar tazələnir, olur sərəfraz, Vaqifin də könlü çox edər pərvaz Hərdən sizin ilə gəzə, durnalar!