«durgil» dedilər
Bir dəfə yatırdım gecə yarıda Dörd atlı gələrək: «Durgil» dedilər. «Xəbər verək sənə, fürsət var ikən, Şol yerdə ərlər var, görgül» dedilər.
Nəzərim yetişcək şol dörd mərdanə, Könlüm cuşa gəldi, başım gərdanə, Şol vaxtda var idi iki divanə: «Durma, oğlan, onda vargil!» dedilər.
Şol iki divanə tutdu qolumdan, Alıban getdilər duran yerimdən, Bir işarət oldu onun birindən: «Seyranda varıban durgil!» dedilər.
Oturmuşduq, gəldi iki pirzada, Gözündən yaş axar, dili duada, «Hu, həqq!» deyib çıxdı altı piyada, «Adam indi gələr, görgil!» dedilər.
Bir dörd atlı gəldi, əyni göy atlas, Əsaları yaşıl, atları bəyaz, «Məclis halqasını qurma belə az, Adam çoxdur, ulu qurgil!» dedilər.
Dışdan çıxdı altmış atlı, gördülər, «Məhəmməd!» deb, ona sarı yürdülər, Sağlıq-salamatlıq bir-bir sordular, «Durma, ulu yerə yürügil!» dedilər.
Bir atın ardına məni verdilər, Seyranda şol yerə varıb durdular, Tamam oturdular, məclis qurdular, Mənə «Oğlan, ara girgil!» dedilər.
«Əlidir» dedilər, tutdu dəstimdən, Həsir döşəyimi aldı altımdan,
Mən bilmədim, nəsə qoydu üstümdən, «Səfalı dövrandır, sürgil!» dedilər.
Heydərdən soruşdum bütün adbaad: «Həzrəti peyğəmbər odur, olma yad, Ol Səlim xocadır, ol Baba züryat, Ol Veysəl Qərani, bilgil!» dedilər.
«Ol Bəhaəddindir, ol həm bir ərdir, – Biri Zəngi Baba, ol da namdardır, Ol sevinib duran dörd çariyardır, Məqsədin nə olsa aygil!» dedilər.
Şol vaxtda duran bir-iki şeyx-şəf: «Bu oğlana fatə verək – dedi – səf Yüz iyirimi dörd min ənbiya, əshab, Hamısı şolardır, bilgil!» dedilər.
Rəsulullah dedi: «Ya Şahi-mərdan, Ey, ya Səlim xoca, ya Baba Salman, Əbubəkr-Siddiq, ya Ömər, Osman, Bu qulun məqsədin vergil!» dedilər.
Səlim, Baba Salman buyurdu mərdə, Piyaləni tutub, saldılar dərdə, Getdi ağlım-huşum, yatdım şol yerdə, «Ərşdə, fərşdə nə var, görgil!» dedilər.
Yel oldum, yürüdüm yer damarına, Nəzərim toxundu ərş kəmərinə, «Cəbrut aləmində cəlil sirrinə – Gəlib, özün baxıb görgil!» dedilər.
Nəyi xəyal etsəm, ələ gətirdim, Hara baxsam, ona nəzər yetirdim, Bu hal ilə mən farağat yatırdım, Üzümə toxunub «Dur, qul!» dedilər.
Rəsulullah dedi: «Əshablar, yürün, Oğlanı uzadın, bir fatə verin», Buyurdu: «Dörd atlı, götürüb gedin, Aldığınız yerdə qoygil!» dedilər.
Durub Məxdumqulu gözün açıbdır, Başına nə işlər gəlib keçibdir, Qızmış nər tək ağ köpüklər saçıbdır, «Oğlan, Allah yarın, vargil!» dedilər.