Durdu şair – Məxdumqulu
− Bizdən salam Məxdumqulu ustada, Atamız Adəmin donun kim biçdi? Dumanlı sərinə qurban olalı, Bilmədik, məlaik meyin kim içdi?
− Bizdən cavab olsun Durdu şairə, Cəbrayıl gətirdi, rizvanlar biçdi. Qüdrət ilən şol şeytanın şərbətin Adəm ata ilə Həvv ana içdi.
− Aləm dairəsi nə rəngli dağdır? Ol nə quşdur, daim onda dustaqdır? Aşiqlər sevdiyi o nə bulaqdır? Həftayıl əbvabın varıb kim açdı?
− Qaf dağı zəbərcət rəngbərəng dağdır, Kaknus bir quş, daim onda dustaqdır, Mükəsat deyərlər əcəb bulaqdır, Həftayıl əbvabın aşiqlər açdı.
− Təlamun dağında kimdir gəzənlər? Mömin burda, kimdir orda yazanlar? Şəmaətdə farağatı düzənlər Neçə ildə yerdən göyə yetişdi?
− Təlamun dağında zahid gəzdilər — Mömin burda, bərat orda yazdılar, Şəmaətdə farağatı düzdülər, Hər qırx ildən Zöhrə göyə yetişdi.
− Tanrının cahanda, bil, dağı neçə, Behiştdə tubunun budağı neçə, Üzünün məşqinin varağı neçə, Behiştin kılidi kimə qovuşdu?
− Yeddi iqlim vardır, yeddidir dağı, Yetmiş mindir ol tubunun budağı, «La ilahə» olar məşqin varağı, Behişt qıldı, rəsulüllah qovuşdu.
− De harda yaratdı səkkiz cənnəti, Neçə binası var, neçə kümbəti, Neçə arxı vardır, nəmədir adı, Teyrin əbabillər kimə qovuşdu?
− Asmanda yaratdı səkkiz cənnəti, Altı min binadır, birdir kümbəti, İçində dörd arx var, Müsəvvər adı, Əbabil əshabil-filə qovuşdu.
− De harda yaratdı sağar duzəxi? Neçə quyusu var, neçə bulağı? İçində bir ilan, nədir sorağı? Qüdrət ilə ol mar kimə dolaşdı?
− Yeddi qat yerdədir sağar duzəxi, Veyldir quyusu, Siccin bulağı, Harış ilan, qeybətkeşdir sorağı, Yalançı, zinaxar, oğra dolaşdı.
− Durdu şair deyər, yollar uzaqdır, Mən bilmənəm, fani kimə duzaqdır? Özünü bilməsən, yerin duzəxdir, Doxsan doqquz min ər harda qovuşdu?
− Məxdumqulu, eşq meydanı uzaqdır, Fani dünya möminlərə duzaqdır, Allah bilər, kimin yeri duzəxdir, Doxsan doqquz min ər surda qovuşdu.