Dur ayağa, məmləkətim!
Düşmən bilir bu torpağın altı nədir, üstü nə, Onunçün də od yağdırır gecə-gündüz üstünə. Qurban olum dumanına, qurban olum tüstünə, Qılınca dön həqiqətim, qalxana dön qeyrətim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında, Yetmiş yeddi yara var sinələrin dağında. Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında, Dağ yandırar intizarım, daş yandırar həsrətim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Məzarsızdı meşələrdə qaçqın olub ölənlər, Kəfənsizdi son tikəni körpəsiylə bölənlər. Qismətimiz uçurumlar, aşırımlar, bələnlər, İçərimi yedi-tökdü hirsim, kinim, nifrətim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
İtkinlərim tapılsa da, ölənlərim dirilməz, Baltalanıb budanmışam, budaqlarım gərilməz. Ağac əkdim, meyvələri öz əlimlə dərilməz, Yağıların pəncəsində cəhənnəmdi cənnətim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Haqsız meydan suladıqca əlimizdən haqq gedir, Gözümüzdən arx açılır, çay gedir, bulaq gedir. Qarış-qarış, parça-parça yurd gedir, torpaq gedir, Mən ki əsir olmamışdım, nədir bu əsarətim? Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Nifrətini silah elə, gəl silahı gözləmə, Sarıl bu gün inamına, gəl sabahı gözləmə, Haqqa güvən – nə gədanı, nə də şahı gözləmə, Ona-buna göz dikənə yoxdu mənim rəğbətim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Torpağımız neçə dəfə tapdalanmış, talanmış, Duru gözlü çeşmələrə qızıl qanlar calanmış. Babəkim də, Koroğlum da, Xətaim də yalanmış, Haqqımızı qaytarmasaq, sən arxasız, mən yetim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Mənim qızıl üzüyümdə yaqut qaşdı Kəlbəcər, Mənim ağlar gözlərimdə qanlı yaşdı Kəlbəcər, Öz əlimlə öz başıma dəyən daşdı Kəlbəcər, Daha bəsdi yad əllərdə talan oldu sərvətim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!
Nə Tərtərdə ləzzət qaldı, nə Qarqarda, Xaçında, Oğul qanı xınalandı anaların saçında. Şəhid oldum Xocalıda, şəhid oldum Laçında, Bu yolların son ucunda şəhidlikdi qismətim, Dur ayağa, məmləkətim, qalx ayağa, millətim!!!