Dünyaya gərəyəm
Bu qələm dünyanın işinə gəlməz, Gələn bu həyata boşuna gəlməz. Gərəksiz, Allahın xoşuna gəlməz, Söz kimi gərəyəm mən bu dünyaya.
Dağ zirvə üçündü, zirvə dağ üçün, Bir kök şirə verər min budaq üçün. Sönən ocaqları qalamaq üçün, Köz kimi gərəyəm mən bu dünyaya.
Yerisin yoluna, izinə baxsın, Boylansın dağına, düzünə baxsın. Dünya məndən keçsin, özünə baxsın, Göz kimi gərəyəm mən bu dünyaya.
Düzlərə döşənmiş yaşıl xalıyam, Nəfəsin ətriyəm, ruhun balıyam. Hər gün düymə-düymə açılmalıyam, Yaz kimi gərəyəm mən bu dünyaya.
Yerin ləngəriyəm, göyün qatıyam, Bir layla, bir qoşma, bir bayatıyam. Duyan könüllərin havacatıyam, Söz kimi gərəyəm mən bu dünyaya. Peyğəmbər axarlı, Tanrı naxışlı, Söz kimi gərəyəm mən bu dünyaya.
2005, 25 dekabr