Əsas məzmuna keç

Qoşma

Dünyanın zor adamı

Zəlimxan Yaqub

2

Qoşa qanadımdı atam və anam, Mən iki adamın bir adamıyam. Adəmdən adama yol gəldi ömrüm, Sirdən yaranmışam, sirr adamıyam.

Çeşmə gözlərimdə, çay gözlərimdə, Min bir gözəlliyi say gözlərimdə. Günəş ürəyimdə, Ay gözlərimdə, Üfüqdən boylanan zər adamıyam.

Dünya heyranlıqdı, mən heyrətdəyəm, Heyran olduğuma məhəbbətdəyəm. Gecə də, gündüz də ziyarətdəyəm, Ocaq adamıyam, pir adamıyam.

Bir səsəm, süzülüb neydən gəlmişəm, Kitabam, əlifdən-beydən gəlmişəm. Buluda qoşulub göydən gəlmişəm, Torpaqdan yoğrulan yer adamıyam.

Eşqimlə dağ yarıb, daş oya bildim, Bir gündə min bir gün yaşaya bildim. Mən ki bu yükləri daşıya bildim? Bu qoca dünyanın zor adamıyam.

2008, 7 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.