Əsas məzmuna keç

Qoşma

Dünyanın yaşı

Zəlimxan Yaqub

2

Nə bağça təzədi, nə bar təzədi, Nə çiçək təzədi, nə qar təzədi, Nə könül ovlayan bahar təzədi, Qədimdi, dünyanın yaşı qədimdi.

Nə qədər köz üstə yananlar olub, Nə qədər buz üstə donanlar olub, Nə qədər başdaşı yonanlar olub, Qədimdi, dünyanın yaşı qədimdi.

Nə qədər qan düşüb, nə qədər dava, Nə torpaq sirr açır, nə su, nə hava. Dünənin işidi Adəmlə Həvva, Qədimdi, dünyanın yaşı qədimdi.

Gəmini daşqında Nuha veribdi, Qanadı xəyala, ruha veribdi, Bəşərə nə qədər düha veribdi, Qədimdi, dünyanın yaşı qədimdi.

Yeyilib dənindən ununa qədər, Geyilib ipəkdən yununa qədər. Baxılıb əvvəldən sonuna qədər, Qədimdi, dünyanın yaşı qədimdi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.