Dünyanın qovşağı mənlik deyilmiş
Yerdən nur çəkilib, çiçəkdən ətir, Kədər dalğa-dalğa, qəm sətir-sətir. Hünəriniz çatır, gücünüz yetir, Bu qışdan bu yaza çıxardın məni.
Kor olan gözlərə gur işıq tapın, Yöndəmsiz yönlərə yaraşıq tapın. Ölüdən, diridən bir aşıq tapın, Bir sözə, bir saza çıxardın məni.
Həsrət əbədiymiş, günlük deyilmiş, Hər səs, hər mərəkə şənlik deyilmiş. Dünyanın qovşağı mənlik deyilmiş, Batıram, dayaza çıxardın məni.
2005, 27 dekabr