Əsas məzmuna keç

Heca şeiri

Dünyanın ölümü

Zəlimxan Yaqub

3
“Ölən dünyam” romanını göz yaşları içində birnəfəsə oxudum. Sarsıldım. Bu əsəri yazana kimi nə qədər ağrılar, əzablar çəkmisən. Gorun nurla dolsun, ruhun şad olsun, İsmayıl müəllim.

Göz yaşı içində oxudum, ustad, Sənin gözlərində ölən dünyanı. Bizi qıyma-qıyma kəsən, doğrayan, Bizi parça-parça bölən dünyanı.

Allahı çağırıb yola çıxanda, Bu xalqın bəxtinə tək səbir düşüb. Əli qismətinin üstə çatmamış, Payına gah Sibir, gah qəbir düşüb.

Çatmaq istəyəndə xoş diləklərə, Qanadı qırılmış quş olmuşuq biz. Güllə gözümüzün içindən keçib, Qızıl güllələrə tuş olmuşuq biz.

Nə zaman bir toya hazırlaşmışıq, Bizim qarşımıza ancaq vay çıxıb. Sakit bir həyatı duymaq istəsək, Həmişə ortaya hay-haray çıxıb.

Qansızlar qan saldı, doymadı qandan, Yasa caladılar xalqın yasını. Kəsdilər ellərin zümzüməsini, Kəsdilər dillərin qımqımasını.

Qaçağa saz çalıb, aşığa güllə! Düşmən toxmağıdı, uşağa güllə! Müzür ünsürüdü, qoçağa güllə! Saymır hökuməti, qaçağa güllə! Xəstəyə, halsıza, naçağa güllə! Kişiyə dəyirmiş hər açılanda, Dəymirmiş satqına, alçağa güllə! Gəlinin namusu, qızın isməti, Gözəlin həyası güllələnirmiş. Millətin gözündə şam-çıraq olan, Gözlərin ziyası güllələnirmiş. Tüstüsüz qalırmış evin bacası, Tüstülü bacalar güllələnirmiş. Sözü güllə kimi daşdan keçənlər, Qeyrəti ucalar güllələnirmiş. Bəstəboy oğullar, katta kişilər, Ağsaqqal qocalar güllələnirmiş.

Millətin izini bu yer üzündən, Silmək yuxarının göstərişiymiş. İcazə lazımmış ağlamaq üçün, Gülmək yuxarının göstərişiymiş. Həyatda yaşamaq olar, ya olmaz, Ölmək yuxarının göstərişiymiş.

“Troyka” adıyla xalqın canına, Birələr daraşıb, zəlilər düşüb. Çıxardıb gözünü ağıllıların, Ortaya həlləhuş dəlilər düşüb. Keçəl Xondulular at oynadanda, Evlərə günahsız ölülər düşüb.

Allah nə vermişdi bəndələr aldı, Güllü xanımları gülsüz qoydular. Arxalı, dayaqlı, elli-obalı, Ömər koxaları elsiz qoydular. Diliylə bülbülü mat qoyanları, Lal-kar elədilər, dilsiz qoydular.

Nə gözdən yayınar, nə yaddan çıxar, Hər dövrün özünün cinayəti var. Atın etibarı, itin vəfası, Tülkünün, çaqqalın xəyanəti var.

Müsavat əsgəri Çapıq Əmrahı, Rusların qılıncı çapıq elədi. Sayı çoxaldıqca bu çapıqların, Millətin gözünü qıpıq elədi.

Pələng ovlananda, şir tutulanda, Tülkünün quyruğu işə düşürmüş. Haqqın, ədalətin məhkəməsi yox, Kiminsə buyruğu işə düşürmüş.

Kimin nə işi var fərsizlə, kütlə, Kimlər ki fərlidi, kökünü kəsin! Kimin boyu uca, başı papaqlı, Sözü kəsərlidi, kökünü kəsin!

Sapı özümüzdən olan baltalar, Onda da çox olub, İsmayıl qağa! Zamanın fitnəsi halay bəylərə, Tuşlanan ox olub, İsmayıl qağa!

Sən bizə göstərdin müəllim kimi, Heç yerdə addımı çaş atmaq olmaz. Qan üstə qurulan bir cəmiyyəti, Güllələr gücünə yaşatmaq olmaz.

İndi dərk elədim, sən bu dərdləri, Necə daşımısan, İsmayıl qağa! Görüb zaman-zaman bu namərdləri, Necə yaşamısan, İsmayıl qağa!

Kişilər özünə kişi deməyib, Tüfəngsiz, qadınsız, papaqsız, atsız. Ondakı kişilər qollu-qanadlı, İndiki kişilər qolsuz-qanadsız.

Mən səni görəndə dərk eləmişəm, Çiynində dağ boyda yük nə deməkdi. Buludla öpüşən budaqlar bilər, Torpaq nə deməkdi, kök nə deməkdi.

İndi dərk edirəm, İsmayıl qağa, Sənin dözümlüyünü, mətinliyini. İndi dərk edirəm kişi olmağın, Cahandar olmağın çətinliyini. İsmayıl olmağın, Şıxlı olmağın, Ağsaqqal olmağın çətinliyini.

Gəl, indi oğulsan, döz bu dərdlərə, Gəl, indi oğulsan, yaşa dünyada. Gəl, indi oğulsan, yol yeri, iş gör, Çatdır arzuları başa dünyada.

Əlimin qabarı, belimin yükü, Çiynimin kəndiri, şələsi dünya. Hərə bir iş gördü ağ günə çıxdı, Mən oldum dünyanın köləsi, dünya.

Qanım ovuc-ovuc içilib mənim, Boyum qırış-qırış kiçilib mənim. Elə bil boyuma biçilib mənim, Satqının, alçağın tələsi, dünya.

Ciyərim sızladı, canım üyüşdü, Elə hər günümüz qandı, döyüşdü. Dilimin ucunda təhqir, söyüşdü, ...............................beləsi dünya.

Yalanlar köhnədi, böhtanlar qədim, Birdimi, beşdimi yamanım, bədim. Göz açıb dünyaya baxmaq istədim, Töküldü gözümün giləsi, dünya.

Sinələr üstündən çəkdilər xışı, Min qəlbi göynətdi bir ömrün qışı. Yaxşı dağıtdılar bu dağılmışı, Çoxdan öləsiymiş öləsi dünya!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.