Əsas məzmuna keç

Heca şeiri

Dünyanın nə gözəl vaxtı görüşdük

Zəlimxan Yaqub

1

Əridi həsrətim, açıldı buzum, Cənnət ətri verdi çörəyim, duzum. Getdi qar-boranım, gəldi Novruzum, Allah üzümüzə baxdı, görüşdük. Üz-üzə dayandıq, göz-gözə durduq, Dünyanın nə gözəl vaxtı görüşdük.

Qarın qar ətri var, barın bar ətri, Bir çiçək ətri var, bir də yar ətri. Arzular dalğası, duyğular ətri, Ürəkdən-ürəyə axdı, görüşdük, Dünyanın nə gözəl vaxtı görüşdük.

Qurban kəsilirəm mən bu axşama, Danışdın, dilindən bal dama-dama. Sənintək işığa, mənimtək şama, Tale öz odunu yaxdı, görüşdük. Dünya gözəlləşir gözəl güləndə, Dünyanın nə gözəl vaxtı görüşdük.

Abadlıq gətirdi bir viranlığa, Gəlişin son qoydu lal qaranlığa. Zəlimxan yenə də çatdı xanlığa, Güldü gözəlliyin taxtı, görüşdük. Ay salam göndərdi, Gün “əhsən” dedi, Dünyanın nə gözəl vaxtı görüşdük.

2000, 25 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.