Dünyadı
A bostançı, bostanına güvənmə, Dünya özü bostan əkən dünyadı. Ağlar qoyub anasını torpağın, Bərəkəti göyə çəkən dünyadı.
Əyrisi də, doğrusu da yalandı, Yolu kəsən bəxti əldən alandı. İlan kimi qıvrılandı, çalandı, Leylək kimi tez-tez səkən dünyadı.
Sən göynəmə, özü çəksin dərdini, Şeş də versə, gəl oynama nərdini. Yaşatmadı qoçağını, mərdini, Baş aparan, zəhlə tökən dünyadı.
Şahlar hanı, sarayları dam oldu, Şərbət döndü zəhər dolu cam oldu. Süleyman da, İsgəndər də xam oldu, Elə bildi dizə çökən dünyadı.
Soraq itər, sirr gizlənər, söz batar, Doğan günü tez quylanar, tez batar. Ay Zəlimxan, diş tökülər, üz batar, Qurduğunu bir-bir sökən dünyadı.