Dünyada
Sirat, sual qabaqdadı, Nə damaxdı dünyada?! Kəlmeyi-şəhadət lazımdı Ölən vaxtı dünyada. Tut orucun, qıl namazın, Şükür eylə Allaha, Gül olma dünya malına, Qalacaqdı dünyada.
Yalan deyib, qeybət etmə, Rəhmin gəlsin canına, Öz-özünə fəxr eyləyib, Baxma şövkət-şanına. Əzrayıl əlində çəngəl Gələcəkdi yanına, Qəzəbindən gül irəngin Solacaxdı dünyada.
Şəyirdlikdə can çürütdüm, Hərgiz ustad olmadım; Nəfs öldürdüm, düz dolandım, Dostumdan yad olmadım; Ələsgərəm, qan ağladım, Ölüncə şad olmadım; Dostlarımla fələk mənə Qara baxdı dünyada.