Dünyada
Bir ay yarım nobahardan gedəndə, Könül gəşt eyləyib gəzə dünyada. Sirrini verməynən düşmənə, dosta, İnanmaynan hər cür sözə dünyada.
Əcəl gəşt eyləyib göydən enəndə, Hayıf cavanları salır kəməndə. Hər zaman bunları gözüm görəndə, Köhnə yaram olur təzə dünyada.
Əzrayıl bir kəsdi, görünməz gözə, Nə ağıla baxır, nədə ki sözə, İndi də gözünü zilləyib bizə, Tutub mən fağırı qəza dünyada.
Gecələr qoynuma girən kimsənə, Gizlin sirlərimi bilən kimsənə, Öləcəkdi, kimdi qalan kimsənə, İstəyir yaşasın yüzə dünyada.
Bir insan ki haqq dediyin bitirsə, Hər məclisdən bir mərifət götürsə, Ata-ana sözün yernə yetirsə, O, yəqin ki çəkməz cəza dünyada.
Loğmadan kəc olan, ağıldan qanmaz, Lobbaz adam mərd qabaqda dayanmaz. Adam var ki, dediyindən utanmaz, Hey hərzə danışar üzə dünyada.
Ələsgərin sözün eşitsin ellər, Bitsin bənövşələr, açılsın güllər!.. Hər zaman oxuyur şeyda bülbüllər, O da aşiq olub yaza dünyada.