Əsas məzmuna keç

Qoşma

Dünyada

Aşıq Ələsgər

1

Qafil könül, bu nə yoldu tutubsan, Sərf edirsən nə kamaldı dünyada?! Dövlətə qul olub, gül tək açılma, Çox sənin tək güllər soldu dünyada.

Kibridən qəlbində bərkitmə barı, Top dəyər dağılar bürcü, hasarı. Yüz sənin tək ahu gəzən şahmarı, Fələk kəməndinə saldı dünyada.

Guşumda sırğadı, sinəmdə dağdı, Ağıllı unutmaz neçə ki, sağdı, Dövlətdən qismətin beş arşın ağdı, Çəkdiyin qovğadı, qaldı dünyada.

Fələk bəhrəm edib çox nizamları, Söndürüb zülm ilə yanan şamları, Hayıf cavanların gül əndamları, Mara, mura qismət oldu dünyada!

Yığılar məxluqat, qurular məhşər, Boyunlarda kəfən, əllərdə dəftər, Onda vay halına, yazıq Ələsgər, Özün getdin, sözün qaldı dünyada!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.