Dünya öz işindədir
Kim söyülür söyülsün, Kim döyülür döyülsün. Kim kimi tərifləyir, Kim kimi hərifləyir, Dünya öz işindədir!
Taxtı yıxana baxmır, Taxta çıxana baxmır. Yerdə düşüb qalana, Yerdən qalxana baxmır, Dünya öz işindədir!
Qarı yağır, əriyir, Suyu axır, yeriyir. Kiriyəni ağlayır, Ağlayanı kiriyir, Dünya öz işindədir!
Yüz yaşa, bəsin deyil, Yüz səslə, səsin deyil. Hamı bu dünyanındır, Dünya heç kəsin deyil, Dünya öz işindədir!