Dünya öz dərdini çəkənə verir
Sarayı daşıyıb, damı çəkəmmir, Yanmışı, bişmişi, xamı çəkəmmir, Dünyanın dərdini hamı çəkəmmir, Dünya öz dərdini çəkənə verir.
Gözdə yaş, kirpikdə nəmdi sovqatı, Həmişə sevincdən kəmdi sovqatı, Ahdı hədiyyəsi, qəmdi sovqatı, Dünya öz dərdini çəkənə verir.
Dərd onu sevəni çəkir yanına, Dözəmmir hər oğul Nuh tufanına. Palıd ildırımı çəkir canına, Dünya öz dərdini çəkənə verir.
Dərdi paltar kimi geyir, daşıyır, Dərdi çörək kimi yeyir, daşıyır, Peyğəmbər daşıyır, şair daşıyır, Dünya öz dərdini çəkənə verir.
Ağrılar qəddini bükən nə çəkir, Yaralar bağrını sökən nə çəkir, Çəkməyən nə bilsin çəkən nə çəkir, Dünya öz dərdini çəkənə verir.
Heç vaxt biganəyə el yükü vermir, Kərəm olmayana kül yükü vermir, Heç vaxt qarışqaya fil yükü vermir, Dünya öz dərdini çəkənə verir.
2010, 10 oktyabr