Dünya nəhənglərindi
Salam, Sakit okeanın gen sahilləri, Qumlu düzən, meşəli dağ, mamırlı qaya. Ulu tanrı fürsət verdi bircə günlüyə, Bu gün sənin gözlərinlə baxdım dünyaya.
Çox görmüşdüm kitablarda, xəritələrdə Bu gün səni olduğuntək gördüm həyatda. Ha baxıram, xırdaların yeri görünmür, Nəhənglərin öz yeri var bu Kainatda.
Babalarım atla gəlib, bəlkə, bir zaman, Bir quş kimi uçub bu gün qonduğum yerə. Kimlər qalıb, kimlər gəlib, kimlər göz dikib, Uşaq kimi heyrətimdən donduğum yerə.
Dəryaların son qatından kim xəbər tutur, Yəqin, elə göylər qədər qoynun dərindi. Ölkə kimi, dövlət kimi, şəxsiyyət kimi Dünya elə tarix boyu nəhənglərindi.
2001, 17 iyun Sakit okean sahili