Əsas məzmuna keç

Qoşma

Dünya məni bulandıra bilmədi

Zəlimxan Yaqub

1

Ömrüm boyu baxdım duru sulara, Dünya məni bulandıra bilmədi. Qan yerinə saflıq axdı damardan, Dünya məni bulandıra bilmədi.

Fil yıxsa da palçıqları, lilləri, Ev yıxsa da böhtançının dilləri, Dağlar söküb, daş oysa da selləri, Dünya məni bulandıra bilmədi.

Telli sazam, saz üstündə sədəfəm, Şərəfimlə çoxlarına şərəfəm. Sən baxma ki, böhtanlara hədəfəm, Dünya məni bulandıra bilmədi.

Şimşəkləri döydü, çaxdı, gurladı, Fırtınası firım-firım fırladı. İçərimdə haqq işığı parladı, Dünya məni bulandıra bilmədi.

Göy çəmənlər paltar biçdi əynimə, Ulduz axdı ürəyimə, beynimə. Səhər-səhər mələk qondu çiynimə, Dünya məni bulandıra bilmədi.

Çirkab atdı, palçıq atdı, lil atdı, Toz doldurdu, gözlərimə kül atdı. Çox işlərə, oyunlara əl atdı, Dünya məni bulandıra bilmədi.

Dənsizlərin dənciyinə dən atdım, Nə qan saldım, nə bir könül qanatdım, Mən dünyanı durultmağa can atdım, Dünya məni bulandıra bilmədi.

2002, 23 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.