Dünya kimi
Baş vuraydım təbiətin qoynuna, Göylərində ziya kimi qalaydım. Ərişinə, arğacına dönəydim, Xalısında boya kimi qalaydım.
Bir tarix var hər zirvənin adında, Bir dünya var hər nemətin dadında. Çiçək olub çiçəklərin yadında, İsmət kimi, həya kimi qalaydım.
Danışaydım kaman kimi, ud kimi, Alışaydım ocaq kimi, od kimi. Yaddaşlarda qaymaq tutan süd kimi, Könüllərdə maya kimi qalaydım.
Əcəl yenə işindədi, işində, Şirə qalıb Əzrayılın dişində. Səf çəkdiyim bu dağların döşündə, Daşa dönüb, qaya kimi qalaydım.
Təmizlikdə yağan qardan ağ olub, Təzəlikdə rəngi solmaz bağ olub, Ucalıqda əlyetişməz dağ olub, Bu dünyada dünya kimi qalaydım.