Dünya, aç üzümə qapılarını
Yollarım tilsimdi, bənddi, bərədi, Eşqim bir zirvədi, dərdim dərədi. Hələ ki, baxdığım dar pəncərədi, Dünya, aç üzümə qapılarını.
Gələcək ümiddi, keçmiş təsəlli, Yaş əlli oldusa, iş oldu bəlli. Tutmuşam yaxandan mən ikiəlli, Dünya, aç üzümə qapılarını.
Əcəl at üstündə, fərmanı hazır, Kim beşik düzəldir, kim qəbir qazır. Görək alnımıza tale nə yazır, Dünya, aç üzümə qapılarını.
Göstər, boşu göstər, dolunu göstər, Yolların sağını, solunu göstər. Qırxıncı qapının yolunu göstər, Dünya, aç üzümə qapılarını.
Eşqinlə alışdıq, odunla yandıq, Varlıqda nə varsa sevdik, inandıq. Zər dolu xəznəsən, sirr dolu sandıq, Dünya, aç üzümə qapılarını.
Şəriət, təriqət qapıları var, Mərifət, həqiqət qapıları var. Dünyanın məhəbbət qapıları var, Dünya, aç üzümə qapılarını.
2002, 14 yanvar