Dözmürəm bu dağın yıxılmağına
Bu dağ özülündən aşmamalıydı, Bu dağ öz fikrində çaşmamalıydı. Başını başlara qoşmamalıydı, Dözmürəm bu dağın yıxılmağına.
Təpəni özümə dərd eyləməzdim, Heyrətdən gözümü dörd eyləməzdim, Vallah, yıxılanı pərt eyləməzdim, Dözmürəm bu dağın yıxılmağına.
Gülünün neməti, həyası qaçıb, Halal nemətinin mayası qaçıb, Kökü silkələnib, qayası qaçıb, Dözmürəm bu dağın yıxılmağına.
Yadımda dəhşətli bircə an qalıb, Ondan nə nişanə, nə ad-san qalıb. Hələ də yerində toz-duman qalıb, Dözmürəm bu dağın yıxılmağına.
Zümrüd bulaqların şüşəsi getdi, Palıdı qırıldı, meşəsi getdi. Bütün canlıların nəşəsi getdi, Dözmürəm bu dağın yıxılmağına.
Dağlar yıxıldıqca ruhumuz ölür, Mehimiz can verir, şehimiz ölür. Təbiət adlanan şahımız ölür, Dözmürəm bu dağın yıxılmağına.
Bu dağ sinəmdəki Vətən dağıdı, Ruh dağı, can dağı, bədən dağıdı. Dərd mənim ruhumu nədən dağıdır? Dözmürəm bu dağın yıxılmağına.
Qırılar qanadı eşqin, həvəsin, Tükənər sevinci ruhun, nəfəsin. İlahi! Dağını yıxma heç kəsin, Dözmürəm bu dağın yıxılmağına.
2002, 21 yanvar