Döz ürəyim, döz hələ
Az qalırsan sinəmi, Yara-yara çıxasan. Az qalırsan sinəmdə, Şimşək olub çaxasan. Az qalırsan dünyanı, Yandırasan, yaxasan. Yandırmasın qoy səni, Ocaq hələ, köz hələ. Çatmalı arzular var, Döz, ürəyim, döz hələ!
Məni susdurma, bəsdir, Yaşım qırxa çatmamış, Ömrün, günün yolunda Şax addımlar atmamış. Həyatdan getmək olmaz, Həyatı yaşatmamış. Bizim nə vaxtımızdı, Nə görmüşük biz hələ. Ağrılara baş əymə, Döz, ürəyim, döz hələ!
Qoy bir sərt imtahandan, Ağır sınaqdan keçim, Suallar yarışında Sirdən-soraqdan keçim, Min kitabdan ələnim Minbir varaqdan keçim. Neçə ki, iş olmayıb Dediyimiz söz hələ. Ellərə borcumuz var, Döz, ürəyim, döz hələ!
Mən gərək innən belə, Zəncan görüm, Xoy görüm. Əhərdə, Ərdəbildə Şadlıq görüm, toy görüm. Oğulsan bu arzudan, Bu istəkdən doy, görüm. Yollardan çəkinməyib, Duman hələ, toz hələ. Təbrizi görməmişəm, Döz, ürəyim, döz hələ!
Qonaqlar özlərini Ev sahibi sandılar. Varlığı şübhəlilər, Mənliyimi dandılar. Yağıların sözünə, Naşılar inandılar. Dağıma düz deyirlər, İpəyimə bez, hələ. Həqiqətin eşqinə, Döz, ürəyim, döz hələ!