Döyüşən türk, oyanan türk, qalxan türk
Ayaz nədir, şaxta nədir, bürkü nə, Nə qorxudar haqq yolunda türkü, nə? Birə düşsün düşmənlərin kürkünə, Dəniz kimi dalğalan, türk, çalxan, türk, Döyüşən türk, oyanan türk, qalxan türk!
Silkələdin göyün yeddi qatını, Qucaqladın doğu ilə batını. Dur yəhərlə ərənlərin atını, Dəniz kimi dalğalan, türk, çalxan, türk, Döyüşən türk, oyanan türk, qalxan türk!
Sabaha bax, əsr səni gözləyir, Qala səni, qəsr səni gözləyir. Məhkum səni, əsir səni gözləyir, Dəniz kimi dalğalan, türk, çalxan, türk, Döyüşən türk, oyanan türk, qalxan türk!
Qılınmasa başımızın çarası, Silinərmi üzümüzün qarası, Altay ilə Anadolu arası, Dəniz kimi dalğalan, türk, çalxan, türk, Döyüşən türk, oyanan türk, qalxan türk!
Döyüşdədir ağlın, huşun yolları, Döyüşdədir uçan quşun yolları, Döyüşdədir qurtuluşun yolları, Dəniz kimi dalğalan, türk, çalxan, türk, Döyüşən türk, oyanan türk, qalxan türk!
Əritmisən əriyəntək qar suda, Romanı da, Bizansı da, Farsı da. Qala kimi təzədən qur Qarsı da, Dəniz kimi dalğalan, türk, çalxan, türk, Döyüşən türk, oyanan türk, qalxan türk!
Gilqamışdan, Alpamışdan, Manasdan, Geri qalmaz dastan olsun bu dastan. Qurtar bizi bu həsrətdən, bu yasdan, Dəniz kimi dalğalan, türk, çalxan, türk, Döyüşən türk, oyanan türk, qalxan türk!
Hardan hara getdiyini bilən yol, Üfüqlərə qovuşanda gülən yol, Atilladan Atatürkə gələn yol, Qalxan olsun, başın üstə, qalxan, türk! Çanaqqala Malazgirdin davamı, Türk deyil ki, öz qanından qorxan türk! Təmiz süddən mayalansın, doğulsun, Mete kimi, Oğuz kimi bir xan, türk! Yaddaşında sıralansın, anılsın, Ərtoğrul bəy, Osman Qazi, Orxan türk! Yenə tanrı dağlarını qucaqla, Dağlar olsun səngərin, türk, arxan, türk! Döyüşən türk, oyanan türk, qalxan türk!