Dövlətəlinin
Sünnəyə sütundur, kafirə səddir, Çalsa tiği-tizi Dövlətəlinin. Aləmdə dastandır, əllərdə xətdir, Söhbət içrə sözü Dövlətəlinin.
Sözləri pənd olub qaldı dillərdə, Fəqirlər pənahı yaman günlərdə, İraq ölkələrdə, yaxın ellərdə Dost, düşmənı razı Dövlətəlinin.
Çox cənglər elədi ömrü olunca, Yaradan yox edib, yerə salınca, Bu dünyada yaylar, ta ki ölüncə, Sovulmadı yazı Dövlətəlinin.
Xar etməz hər kimi müdam istəsə, Təqdirdən dış çıxmaz gənəş nə desə, Qartal tək alıcı laçın bəsləsə, Şir alardı bazı Dövlətəlinin.
Ağır uruğludur, həm böyük elli, Çox yığılsa məşhur, aləmə bəlli, Meydanda qılınclı, divanda dilli, Yüzə taydır özü Dövlətəlinin.
Dilək etsə, don daşları əridər, Qəzəb etsə, hökmü dağlar yeridər, Günəşdən gövhərdir, aydansa dürlər, Fələkdə ulduzu Dövlətəlinin.
Neçə elə sərkərdədir, sultandır, Cəng yerində cəllad, bəlkə arslandır, Mənzili məsciddir, fərşi divandır, Gecəsi, gündüzü Dövlətəlinin.
Təmənnası yerdən göylərəcəndir, Meşədə bəbirdir, dağda pələngdir,
Gəmidə lövbərdir, suda nəhəngdir, Hara getsə özü Dövlətəlinin.
Xanımları vurnuxurlar sağ-solda, Hə əldə çarə var, nə qüvvət qolda, Atı bağda qaldı, yoldaşı yolda, Çıxmadı xəbəri Dövlətəlinin.
Məxdumqulu, keçər bu dünya onsuz, Törəlikdə taysız, ərlikdə − tənsiz, Peyğəmbər oğulsuz, Süleyman sonsuz, Ona bənzər izi Dövlətəlinin.