Dövlət atam, millət anam
Yaradanın dəftərində adı başdan yazılanam, Peyğəmbərin meracına mələklərlə tən gəlmişəm. Savaşlara sərkərdəyəm, barışlara bayraqdaram, Harda dara düşən olsa çağrışına mən gəlmişəm.
Qoca tarix qarşısında açıq alın, ağ üz mənəm, Qopuz mənəm, toppuz mənəm, doqquz mənəm, oğuz mənəm. Türk eşqinə dastan yazan qələm mənəm, kağız mənəm, Dövlət atam, millət anam, çox-çox ötədən gəlmişəm.
Düşmən elə bilməsin ki, yer altında itən daşam, Qədimlərdən qaynaq tutan damar-damar bitən daşam. Mən dünyada bu dünyanın özü boyda vətəndaşam, Atillanın qırmancıyam, ulu Metedən gəlmişəm.
Hara dönüb, hara baxsan yerdə mənəm, göydə mənəm, Sazda mənəm, tarda mənəm, udda mənəm, neydə mənəm. Yaradanın yaratdığı xoş olan hər şeydə mənəm, Altı nədir, altmış nədir, min-min qitədən gəlmişəm.
Türküstan, 2009, iyul