Əsas məzmuna keç

Qoşma

Dostun olmaq üçün gəldim dünyaya

Zəlimxan Yaqub

2

Ey Haqqın varlığı, məni sən qoru, Mən səni qəlbimtək duyanlardanam. Səsindən güc alıb, sözündən təpər, Sevgimi dünyaya yayanlardanam.

Çiçəklər açılar gün işığında, İmanlar paklaşar din işığında. Səhər aynasında, dan işığında, Səni gözüm nuru sayanlardanam.

Canımda, qanımda halaldan maya, Sinəm qəm çəpəri, köksüm sal qaya. Dostun olmaq üçün gəldim dünyaya, Allahın özünə əyanlardanam.

Var olsun bu dünya, sabahı varsa, Yox olsun, sabahın tamahı varsa. Qəlbimin nə qədər günahı varsa, Gözümün yaşıyla yuyanlardanam.

Sükutun, xəlvətin keçdim çəminə, Çəkildim əbədi ruh aləminə. Tamarzı qalmadım dünya qəminə, Dərdin çoxluğundan doyanlardanam.

Haqqımın uğrunda çəkdim davamı, Kafir zəhərlədi təmiz havamı. Peyğəmbər qəlbində qurub yuvamı, Müşriklər bağrını oyanlardanam.

Qəlbimdə dillənən hər səs, hər səda, Bir Allah eşqiylə ötdü dünyada. Min canım olsaydı, verərdim fəda, Bir canı yolunda qıyanlardanam.

Almaniya, München xəstəxanası, 2008, 9 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.