Dostum-düşmənim
O gün ki, dil açdım, gəldim həyata, Ürək sözlərimi insana dedim. Ayı qardaş sandım, Günəşi ata, Bu qara torpağa mən Ana dedim.
Böyüdüm, düşüncəm qol-qanad atdı, Könlümdə bir sevinc, bir də qəm oldu. Onlar da böyüdü, kamala çatdı, Hərəsi bir dünya, bir aləm oldu.
Yaxşıya-yamana yetirdim nəzər, Göz qoydum hər böyük, hər adi şeyə. Görməmək, duymamaq qəlbimi əzər, Görməyi, duymağı bacarım deyə.
İradəyə baxdım, dözüm öyrəndim, Sel kimi çağlayıb, yeltək əsmədim. Asanı, çətini özüm öyrəndim, Arzular tələsdi, mən tələsmədim.
O gün ki fikirlə yükləndi başım, Gah ulduzum doğdu, gah çənim oldu. Səadət ən böyük dostum, qardaşım, Fəlakət ən böyük düşmənim oldu.
1968, 8 oktyabr