Dostluq
Yazıq ömür talanmadın de kimlərin əlində, Hey didildin, parçalandın hökmlərin əlində. Gözü qalar iynələrin, həkimlərin əlində, Dərdi ağır olan xəstə dərman ilə dost olar.
Gözlərindən yayındırmaz bir çınqını, bir daşı, Üfüqlərin həmdəmidi, zirvələrin qardaşı. Təbiətdə nə ki sirr var hər birinin sirdaşı, Əkən, səpən, döyən, biçən xırman ilə dost olar.
Qayalaşar, qayaların sərt dilində danışar, Od dilində, quş dilində, qurd dilində danışar, Yerin, yurdun doğmaları yurd dilində danışar, Ocaq ilə, oymaq ilə, orman ilə dost olar.
Hər yaradan, hər yaranan bir çırpınan ürəkdi, Yaradılan hər nə varsa Yaradana gərəkdi. Nökər olan kimsələrin dostu beldi, kürəkdi, Padşah olan hökm verər, fərman ilə dost olar.
2010, 10 aprel