Dördlüklər
Vurnuxma, dayazda tapılmaz inci, Fikir dərindədir, söz dərindədir. İllərlə gəzdiyin dərinlik ki var, Sevdiyin gözəlin gözlərindədir.
Ey kədər, yumşalan deyiləm, inan, Sən dəyirman daşı, mən bir dən olsam. Təzə deyilsən ki, könül xam düşə, Çoxdan üyünərdim, üyünən olsam.
Şair, ağrıları at ürəyindən, Dağların ruhuna, sağlığına bax. Ətəkdə çəmənin yaşıllığına, Zirvədə buludun ağlığına bax.
Ömrümdə acı bir söz çıxmaz əsla dilimdən, Şirin zarafatımdan küssən, yandırar məni. Yandırsan da qoy yanım sevincinin oduna, Kədərindən qorxuram, qüssən yandırar məni.
Versin öz meylini həzin bir səsə, Torpağın qəlbinə, sözünə baxsın. Kim yerin eşqini duymaq istəsə, Qaynar bulaqların gözünə baxsın.
İnsan darıxanda həmdəm axtarır, Ona lazım olan hava, su kimi. Sərinlik istəyir sinədə ürək, Havalı dağların havası kimi.
Əməldə yüz yerə parçalanma sən, Könül, özün kimi tam olmalısan. Bir xalqa işıqlı ulduz olmasan, Bir evdə əriyən şam olmalısan.
Fikirli gecənin qara saçına, Ulduzun nurundan sanki dən düşüb. Yerdəki işıqlar pul-pul olubdur, Günəşmi göylərin əlindən düşüb...
Qılınca, qalxana baxır gözlərim, Yoğrulub onların mayası qanla. Bu necə hikmətdir, yan-yana durub, Baş kəsən qonşudu baş qoruyanla.
Sənsizəm, dünyanı veriblər mənə, Nə qədər gəzirəm eynim açılmır. Ürəyim Əslinin düymələri tək Tilsimə düşübdü, neylim, açılmır.
Hər kəs keçə bilməz Kür kimi sudan, Kür oğul baş açar kür kimi sudan. Əl-qolun nə xeyri, üzə bilməsən, Mən necə çıxarım kürkümü sudan?!
Haldan-hala düşər bir anda ürək, Gah gülər, gah da ki, kədərlənərmiş. Sünbül saralanda sevinən könül, Çiçək saralanda qəhərlənərmiş.
Yarıma gəlməsin yarım, azarım, Gəlsə, tez qocaldar yarı, məzarım. Həyat da, ölüm də yoldaşdır mənə, Yarı beşiyimdir, yarı məzarım.
Ruhuma yad deyil nə yağış, nə qar, Günəşdir ən böyük dövlətim, varım. Torpağın borcunu qaytarmaq olar, Günəşin borcunu necə qaytarım?!
Onsuz titrəməzmi əldə qələmim, Ana dənizimsə, ata dağımdı. Ən böyük fərəhim, sevincim mənim, Dünyada atalı yaşamağımdı.
Yar şeir yazdığım varağı sevdi, Dedim var qarası, var ağı, sevdi. Qara mürəkkəbdə, yaşıl varaqda Dedi ki, bəxtimin var ağı, sevdi.
Ömrümdə bir dəfə olmazdı dərdim, Sevdiyim sevgiyə yaraşa bilsə. Vüsal yollarına çiçək səpərdim, Hicran dağlarını yar aşa bilsə.
Əriyən qar deyim saçın ağına, Sel olub, bənzəyir saçın axına. Ay nənə, dumanlı gözünə qurban, Nə gözəl yaraşır saçına xına.
Sınağa çəkəsən ağıldan yarı, Tam ola, olmaya ağıldan yarı. Deyəsən, gözəlim, uyma sərvətə, Dünyada kamaldan, ağıldan yarı!
Nə yaman tez tapdı yarım, azarı, Qarğadı, kim dedi yarıma, zarı. Bəlkə, bu dünyada günahkar mənəm, Mənimtək çiçəkdən yarımaz arı.
Hönkürdü buludu, çökdü dumanı, Təbiət kövrəldi, qəlbim qəm çəkər. Elə ki, gözlərim gördü günəşi, Sevinc dərd üstündən bir qələm çəkər.
Könlümə, ruhuma işıq çiləndi, Göründü gözümə yenə dan yeri. Öpdüm öz ömrümün oğlan çağında Bir qız yanağıtək qızaran yeri.
Qaranlıq olardı evim-eşiyim, Didərdi qəlbimi kədər, qəm mənim. Günəşin üzünə açılmasaydı, Könlümün aynası – pəncərəm mənim.
Ürəyimdə gur bir ocaq çatmısan, Gündüz yanar, gecə yanar, ey Vətən. Sənin eşqin, sənin odun olmasa, Şair qəlbi necə yanar, ey Vətən.
Yandırsın canımı çaldığın hava, Kərəmin ağzından çıxan ah kimi. Əlli il taxtaya, simə döyüncə Bircə gün sazını çal, Əmrah kimi.