Dörd kitab hər yana yolu göstərir
Dörd kitab hər yana yolu göstərir, Nəfs ilə mərifət olur şeş cahat. Belə əmr eləyib qüdrəti-qadir, Bu əmrə qol qoyan tez tapar nicat. Eylə etiqad.
Şəhr aydı, bayram onun gülüdü, İki ay bir-birinin müttəsilidi, Üç yüz almış altı gün - bir ilidi, Səkkiz min yeddi yüz səksən dörd saat, Gəl verim isnat.
Altıda qarışdı Nuhun tufanı, Qırx ildə sərgərdan gəzdi hər yanı. Altı min altı yüz insan, heyvanı, Hərə öz diliynən eylədi fəryad, İstədi imdad.
Neçə müddət qərq oldular tufana, Əmr etdi, kəbutər gəzdi hər yana, İki yüz otuzda tapdı bir dənə, Nuh üçün fəmində gətirdi sovqat. Qıldı ibadət. Altmış altı ayə niyə danmısan? Belə məlum, bizi avam sanmısan. Dünya cifəsinə sən aldanmısan, Unutma üqbanı, bu dünyanı at, Afərin, ustad!
Qasım "qaf"ınandı, Həsən "hey"inən, Xeyir çəkməz ustadınan deyinən, İşim yoxdu seyyidinən, bəyinən, İxtiyarımdadı qalan məxluqat, Daimül-övqat.
Aşıq Ələsgərdi, soruşsan, adım, Huş başımdan gedib, yoxdu savadım. Sözlə mətləb yazmaq deyil muradım, Arifə eyhamla yazıram hürfat, Sədrin olsun sat!