Dönür
Xəyal qanadlanıb, ilham coşanda, Çəmənlər qarşımda varağa dönür. Tənha dolaşanda göy dərələri, Hər söz bir kəsərli yarağa dönür.
İzim dolaylardan açdıqca cığır, Həvəs nə kiçilir, nə qəlbə sığır. Qara tellərimi dağıdır, yığır, Küləklər saçımda darağa dönür.
Qəlbimi saz kimi tutub çalanda, Baxıb hər lövhədən qüvvət alanda, Əlvan təbiəti seyrə dalanda, Lalələr gözümdə çırağa dönür.
1968, 10 sentyabr