Dönübdü
Fələyin qəhrindən, el tənəsindən, Dərdim artıb, bir ümmana dönübdü. Eşqin firqətindən, yar həsrətindən, Bahar mənə zimistana dönübdü.
Eşqin girdabında düşmüşəm ləngə, Torbakeşlər tənə qılır peşəngə, Gübrə şirə dönüb, muşlar pələngə, Bəqə qızıb, kərgədana dönübdü.
Arif, bu sözləri fikr eylə dərin, Artırma dərdini sən Ələsgərin. Qiblənüma məhəbbətli dilbərin, Meyli bizdən qeyri yana dönübdü.