Döndü, nə döndü
Çarx dolandı, baxtım tapdı tənəzzül, İqbalım idbara döndü, nə döndü! Can deyən dostlarım, şux gözəllərim Ovsun almaz mara döndü, nə döndü!
Fərhad gördü, sevdi Şirin camalın, Şirin dost əlindən şirin cam alım, Şirincə dövlətim, şirincə malım, Axrı zəhrimara döndü, nə döndü.
Dad sənin əlindən çarxı-kəcmədar! Günüm qara keçdi, işim ahu zar. Hay verrəm, qıy vurram, eyləmir şikar, Tərlan baxtım sara döndü, nə döndü!
Qəza qədərinə fəhm eylə, bir gül, Tərəqqidən təvəllüddü tənəzzül. Müşriki göndərdi hakimi-adil, Şümr sitəmkara döndü, nə döndü!
Bu dərd qaldı Ələsgərin canında, Haqq nahaqq seçilər haqq divanında. Gövhər zibil oldu nadan yanında, Dünya mənə tara döndü, nə döndü!