Əsas məzmuna keç

Qoşma

Döndü daha əfsanəyə, nağıla

Zəlimxan Yaqub

1
Kəndimizə getmişdim. Qarlı bir qış günündə Hacımurad dayının evinə gəldim. Yaşı yüzü haqlamış Səməngül nənəmi əli yaylıqlı, gözü yaşlı gördüm.

Dildə ağı, əldə yaylıq, gözdə yaş, Oğlu ölmüş bir ana var, bir ana. Ömrü-günü qəm əlində talanmış, Könül mülkü virana var, virana.

Yaz açılar, onun qəlbi açılmaz, Dodağından daha gülüş saçılmaz. Qədər gəldi, qabağından qaçılmaz, Mən nə deyim könülləri qırana.

Pirə dönmüş balasını itirdi, Balasını, qalasını itirdi. Oğulların əlasını itirdi, Belə dərdə dözə bilməz hər ana.

Heç yoxluğu gələrdimi ağıla, Oğul gəlməz, ana dərdi dağıla. Döndü daha əfsanəyə, nağıla, Yüz də daşı fikri dağa, arana.

Xörəyi buz, çörəyi qar olan kəs, Bu dünyada bir gün qalmaq istəməz. Evdən getdi doğma hənir, doğma səs, Evdə qalan düşüb qara, borana.

Hər ürəyin öz harayı, öz ünü, Yana-yana kül eləyər özünü. Nənəm, daha yola dikmə gözünü, Hacımurad bir də çətin yarana!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.