Əsas məzmuna keç

Qoşma

Dolansın

Aşıq Ələsgər

1

Gərdəninə neçə şahmar dolanıb, Könül istər o şahmara dolansın. Ərzim alıb, iltimasım tutmasan, Məcnun olsun, bu dağlara dolansın.

Bəyənmişəm xəsyətini, halını, Yaradan bol verib huş-kamalını, Sən Allah gizlətmə mah camalını, Şöləsinə qoy, füqəra dolansın.

Bal bahalananda qırıldı arı, Yağ satanlar mala saldı azarı, Min manata qalxdı dareqan, darı, Nə gün çıxsın, nə sitara dolansın.

Dad sənin əlindən çarxı-kəcmədar! Ürəyimdə yüz dərmansız yaram var; Aşıq - dəyirmançı, ağa - çarvadar, Sərraf gəlsin, bu bazara dolansın.

Zalım cəllad nə giribdi qəsdimə, Xəbər verin övladıma, dostuma, Şahlar şahı sayə salsın üstümə, Ələsgər tək baxtı qara dolansın.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.