Dolanır
Axşam-sabah, çeşmə, sənin başına Bilirsənmi, neçə canlar dolanır?! Büllur buxaq, lalə yanaq, ay qabaq, Şahmar zülfü pərişanlar dolanır.
Afərin xudanın haqq-sayına!.. Camalları bənzər bayram ayına, Belə gözəllərin xaki-payına Mənim kimi çox qurbanlar dolanır.
Gördüm gözəlliyin bizə bildirir, Qaş oynadır, xəstə könlüm güldürür, İşvəyü naz ilə adam öldürür, Qəmzəsində nahaq qanlar dolanır.
Məni qoca gördü, ürbəndin aşdı, Ala gözlərinə gözüm sataşdı, Huş başımdan getdi, xəyalım çaşdı, Mürği-ruhum asimanlar dolanır.
Adım Ələsgərdi, Göyçə - mahalım, Dolanım başına, mən qadan alım, Hüsnün şöləsinə xəstə xəyalım Pərvanədi, şəmistanlar dolanır.