Doğuluş
Anadan doğulmaq bir hünər deyil, Ömrü ömür kimi yaşamaq üçün Şirin bayatıdan, həzin layladan, Beşikdən, bələkdən doğulmalısan. Yerdə qasırğadan, göydə buluddan, Buludda şimşəkdən doğulmalısan. Gülün dodağından, göyün üzündən Süzülən ətirdən doğulmalısan. Bir sözdən oyanıb silkələnməli, Kəlmədən, sətirdən doğulmalısan. Təkcə anasından doğulmur insan, Doğma ana kimi əzizlədiyi, Nəfəsdən doğulur, ruhdan doğulur. Dahilər doğulur, dərdlər içində, Çəkdiyi ağrıdan, ahdan doğulur. Xalqın ürəyində, elin gözündə, Gül kimi bitəndə doğulur insan. Cahillik ölümdü, alimlik həyat, Kamala yetəndə doğulur insan. Arzular eşqinə insan oğlunun, Zirvə olmağı var, dağ olmağı var. Həyata ölməzlik gətirənlərin, Ölümdən sonra da doğulmağı var.
2001, 10 aprel