Doğuldu
Qadın ağrı çəkdi, anaya döndü, Köksündə müqəddəs dilək doğuldu. Körpəsi, əzizi gəldi dünyaya, Beşik yırğalandı, bələk doğuldu.
Sevinci tapanda qəmi itirdi, Qəlbin istəyini Allah yetirdi. Torpaq ağrı çəkdi, palıd bitirdi, Baharın eşqindən çiçək doğuldu.
Ömür qovuşanda sevgi çağına, Qaldırdı sevəni Tanrı dağına. Qurd elə sarıldı tut yarpağına, Barama bətnindən ipək doğuldu.
Tufanlar qılıncı qoymadı qına, Dağlara qan yaxdı, daşlara xına. Dəniz qabaranda qopdu fırtına Bulud çaxnaşanda şimşək doğuldu.
İnsanda bu qüdrət hardandı, hardan, Sınaqdan, səbirdən, çətindən, dardan. Elə ki, cəsarət axdı damardan, Kişilik yarandı, məslək doğuldu.