Əsas məzmuna keç

Heca şeiri

Doğular

Zəlimxan Yaqub

2
Böyük Şəhriyarımızın öz səsiylə yana-yana oxuduğu yanğılı misraları çox dinləmişəm. Tanrının əlinin boş, könlünün xoş vaxtına düşən bir gün idi. Cənubi Azərbaycanda qonaq idim. Hörmətli şair dostumuz Sönməz məni Tehrandakı evinə dəvət eləmişdi. O taylı tanınmış ziyalılarımızdan bir neçəsi də mənimlə birlikdə idi. Söhbətin şirin yerində Sönməz ayağa durdu. “Zəlimxan, səni indiyə qədər heç kəsin bilmədiyi, heç kimin eşitmədiyi bir yeniliklə tanış edirəm. 70 yaslı Şəhriyar bizdə qonaq olarkən özündən xəbərsiz lentə aldığım “Mahur” və “Çahargah” muğamlarına qulaq as”, – dedi. Hamıya bəllidir ki, Şəhriyar nə sən deyən müğənni, nə də məşhur xanəndə idi. Ancaq Şəhriyar oxuyurdu. Ömrünü-gününü oxuyurdu. Özünü, dərdini oxuyurdu. Paralanmış Azərbaycanını oxuyurdu. Oxuya-oxuya qulaqlarıma bir həqiqəti pıçıldayırdı. Şeirləri milyonların dilində əzbər olan, Heydərbaba duyğularını könüllərə toxum kimi səpən, bərəkət kimi göyərdən, musiqini ilahi bir məhəbbətlə sevən, duyan, qəlbən yaşayan bir şair Şəhriyar şöhrətinə yüksələ bilərdi. Mən indi bildim ki, könülləri ovsunlayan Şəhriyar şeriyyəti hansı duyğulardan süzülüb gəlirmiş.

Həssas qəlbin nəğmələri kövrək olar, həzin olar, Dağdan qopan səsin ömrü dağlar qədər uzun olar. Allah ilə söhbət üçün ilahidən izin olar, Nəğmə könül yanğısıdır, coşan həvəsdən doğular!

Yetim olandan soruşun, desin ki, “Segah”da nə var, “Şüştər” nədir, “Şur” nə deyir, “Rast”da, “Cahargah”da nə var? Şeiri duyan yaxşı bilər, şair çəkən ahda nə var, Sənət zindanda bərkiyər, dəmir qəfəsdən doğular!

Ney tutuşar, tar alışar, sim gərilər, pərdə yanar, Çəkdiyimiz müsibətə, düşdüyümüz dərdə yanar. Od ağzından çıxan sözün nuru könüllərdə yanar, Doğma əsər, doğma kitab, doğma nəfəsdən doğular!

Min-bir nəğmə deyən gələr, mini gedər, biri qalar, Bir olanın səcdə üçün hər ürəkdə piri qalar. Haqqa qulaq asan kişi zaman-zaman diri qalar, Ölümsüzlük hava üstə süzülən səsdən doğular!

Ellər üçün əriyən kəs yana-yana neyə dönər, Genişlənər dünya kimi yerə dönər, göyə dönər. Hay-küy ilə gələnlərin axırı hay-küyə dönər, Ulu nəğmə, ulu hava həmişə pəsdən doğular!

Haqdan enib gələn səsi boğsalar da boğulmazdı, Dəniz kimi, dərya kimi qurumazdı, soğulmazdı. Hər oğuldan Heydərbaba nəğmələri doğulmazdı, O da bir Şəhriyar kimi istəkli kəsdən doğular!

Tehran, 1992, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.