Doğulan gedirsə
Bir yoldu, gedirəm daşlı-kəsəkli, Gedirəm içimdən çölümə doğru. Yol var, aydınlığa aparır məni, Yol var məşəqqətə, zülümə doğru.
Bir günüm sevincdi, bir günüm ahdı, Kədər başım üstə şah oğlu şahdı. Yanmaq bu gündürsə, sönmək sabahdı, Baxıram odumdan külümə doğru.
Könül bəs eyləmir, göz doymur qəti, Yaşamaq insanın ulu niyyəti. Yalandı taleyin əbədiyyəti, Doğulan gedirsə ölümə doğru.
2005, 23 dekabr