Divani
Mən deyirəm bu məclisdə könül şad olmaq üçün, Nahaq yerdən hiylə qurub, hay salan əyləşməsin. Hər sözə yüz məna verən ariflərin yerində, Şər danışıb, toy evinə vay salan əyləşməsin.
Hara getsə üz ağardan gəlsin başda otursun, Gözüm üstə yeri vardı, çıxsın qaşda otursun. Nanəcibə yer vermərəm, quru daşda otursun, Qəm yükündən ortalığa tay salan əyləşməsin.
Elim qədim Borçalıdı, Zəlimxan adım mənim, Doğru sözdü, sədaqətdi qolum-qanadım mənim. Mehriban atalar olsun fəxri ustadım mənim, Haramlıqla halal əldən pay alan əyləşməsin!