Əsas məzmuna keç

Qoşma

Dirilik suyudur mənimçün həyat

Zəlimxan Yaqub

1

Nə vaxt bu çeşmənin gözündən içdim, Nə zaman tuş gəldim suya, bilmirəm. Neyçün tanrı məni şair yaratdı, Mən hələ bu sirri duya bilmirəm.

Göydə ulduz nədi, yerdə çiçək nə, Yerdə insan nədi, göydə mələk nə, Bu qədər sevgi nə, sevən ürək nə, Saydıqca sayıram, saya bilmirəm.

Qəzəbi qaynadır, hirsi daşdırır, Dünya düz yollarda yolu çaşdırır. O məni özündən uzaqlaşdırır, Mən onu gözümdən qoya bilmirəm.

Ağrısı, əzabı olsa da qat-qat, Könül, bu sevginin laylasına yat. Dirilik suyudur mənimçün həyat, İçdikcə içirəm, doya bilmirəm.

2006, 9 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.