Əsas məzmuna keç

Qoşma

Dindirə

Zəlimxan Yaqub

2

Mənim bu yerimdə bir Günəş doğa, Əridə atəşi, qarı dindirə. Güllərin gözündən bir öpüş ala, İncə çiçəkləri arı dindirə.

Eşqimin başında duman olmaya, Bir də ayrılığa güman olmaya, Arada-bərədə yaman olmaya, Nola, Yaxşısını Sarı dindirə.

Çəkilə qapımdan qışın ayazı, Dərinlər batıra eşqi, dayazı. Habil kamançanı, Kamandar sazı, Əhsən asta-asta tarı dindirə.

Qəlbə sevinc adlı bircə yol gələ, Dolana boynuma, qoşa qol gələ, Budaqlar sallana, payız bol gələ, Bağbanı bağların barı dindirə.

Zəlimxan, həsrətin ömrü az ola, Saz şahlıq eyləyə, aşıq saz ola, Yerlə göy birləşə, bir avaz ola, Bəlkə küsdürdüyün yarı dindirə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.