Dilini öyrəndim bütün dillərin
Dilini öyrəndim bütün dillərin, Günlərin, ayların dilini bildim. Taylı öz tayını tapana kimi, Mən bütün tayların dilini bildim.
Su kimi doldurub içdim yolları, Arayıb-axtarıb seçdim yolları. Yeddidən yetmişə keçdim yolları, Sayılmaz sayların dilini bildim.
Bilirəm, nə yazdı, nə qışdı mənə, Eniş də, yoxuş da tanışdı mənə. Dağların dərdini danışdı mənə, Lal axan çayların dilini bildim.
Dosta məhəbbətim dərindən dərin, Düşmənə nifrətim sərindən sərin. Yazda sevənlərin, sevişənlərin, Payızda toyların dilini bildim.
Dili dərd dilidi bu insanların, İtən ümidlərin, ölən canların. Kəsilən başların, axan qanların, Ucalan boyların dilini bildim.
Ruh dinir, can yanır, bədən danışır, Gələn pıçıldayır, gedən danışır. Yer göyə, göy yerə nədən danışır, Buludda layların dilini bildim.
Ayrı aləmi var bu aləmlərin, Kövrək duyğuların, şirin dəmlərin. Zatıqırıqların, ağlı kəmlərin, Toxumu zayların dilini bildim.
Ağlayan kamandı, uddu söhbətim, Alovdu, atəşdi, oddu söhbətim. Dərd ilə həmişə tutdu söhbətim, Ahların, vayların dilini bildim.
Komalar üstündə doğan Ay oldum, Kasıb daxmasına gedən pay oldum. Bir saray içində min saray oldum, Bütün sarayların dilini bildim.
2007, 6 fevral