Dəyməz
Yumruqlar qazandıq, təpiklər yedik, Vallah, qazancımız təpiyə dəyməz. Uydurma sevgilər, qondarma sözlər Alqışa, hay-küyə, çəpiyə dəyməz.
Pozuldu nizamlar, dağıldı səflər, Qırdı bir-birini qansız tərəflər. Dənizlər dibində dürlər, sədəflər Suyun üzündəki köpüyə dəyməz.
Qaçma hər uğursuz saat dalınca, Minnətçi göndərmə qanad dalınca. Ey insan, yüyürmə manat dalınca, Bu dünya bir qara qəpiyə dəyməz.
2008, 13 mart Almaniya, Münhen ürək xəstəxanası